Türkiyənin İstanbul şəhərində kadet, yeniyetmə və gənclər arasında WAKO Avropa birinciliyi keçirilib. Azərbaycan milli komandası tarixi uğura imza ataraq qitə birinciliyindən 16 qızıl, 16 gümüş, 31 bürünc medal qazanıb. Milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə yarışın ən yaxşı rinq məşqçisi - “BEST COACH” mükafatına layiq görülüb.
Azərbaycan milli komandasında çıxış edən yeganə Naxçıvan idmançısı da tarixi nailiyyətin bir parçasına çevrilib. Naxçıvan Kikboksinq Federasiyasının yeniyetmələrdən və gənclərdən ibarət yığma komandasının baş məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə İstanbula yollanan milli komandamızın sırasına qoşulan İnci Allahverdiyeva qitə çempionatında ölkəmizi təmsil etmək şansı əldə edib. İdmançı ilk dəfə iştirak etdiyi mötəbər yarışda ümidləri doğruldub. İnci “low kick” versiyasında 60 kq çəki dərəcəsi üzrə bürünc medala layiq görülüb. Mübarizəyə ¼ final mərhələsindən qoşulan idmançımız ilk görüşündə türkiyəli kikboksçudan üstün olub. Finalın bir addımlığında serbiyalı rəqibinə qalib gələ bilməyən təmsilçimiz üçüncülüklə kifayətlənib. Bu nəticə ilə İnci Allahverdiyeva Avropa çempionatının mükafatçısı kimi Naxçıvan kikboksu tarixində bu ada layiq görülmüş ilk qız idmançı olub.
Qeyd edək ki, idmançımız cari il ərzində iştirak etdiyi "VIII Turkish Open WAKO World Cup" turnirində gümüş, VI Balkan açıq uşu kunq-fu çempionatında isə qızıl və bürünc medallar əldə edib.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti